“İCTİMAİ TELEVİZİYA VƏ RADİO HAQQINDA” QANUN AVROPA STANDARTLARINA TAM CAVAB VERİR
Qanun layihəsini hazırlayan işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Rizvan Cəbiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, İctimai televiziyanın dövlət televiziyası və ya digər özəl telekanalların birinin bazasında yaradılacağı, qeyri-hökumət təşkilatları nümayəndələrinin televiziyada təmsil olunmasına qadağa qoyulacağı, maliyyə vəsaitinin ayrılması, rəsmi məlumatların yayılması və digər məsələrlə bağlı bir sıra yanlış fikirlər səslənir. Amma bunların heç bir əsası yoxdur. Ona görə ki, İctimai televiziyanın hər hansı bir telekanalın bazasında yaradılması dövlət başçısının müstəsna səlahiyyətinə daxildir. Prezident öz Sərəncamı ilə ictimai televiziyanın yaradılması üçün yer və konkret vaxt müəyyənləşdirəcəkdir.
İctimai televiziyada rəsmi məlumatların yayımlanması ilə bağlı maddə isə Avropa Şurasının tövsiyələrinə və dünya təcrübəsinə uyğun verilmişdir. Həmin maddədə deyilir ki, dövlət hakimiyyəti orqanlarının verdiyi məlumatlar İctimai televiziyanın efirində dərhal və ixtisarsız verilir. Buraya təbii fəlakətlər, ictimaiyyətin xəbərdar olması üçün zəruri olan məlumatlar və dövlət hakimiyyəti orqanlarının mövqeyini açıqlayan rəsmi bəyanatlar daxildir. Bundan əlavə, bu sənəddə bütün qeyri-hökumət təşkilatlarının nümayəndələrinin İctimai televiziyada təmsil olunmasına icazə verilir. Maliyyələşmə ilə bağlı maddədə isə deyilir ki, İctimai televiziya üçün nəzərdə tutulan vəsait təkcə televiziyanın məqsədlərini və perspektivini deyil, eyni zamanda, fasiləsiz fəaliyyətinin həyata keçirilməsinə də imkan verməlidir.