IDEA Ətraf Mühit Kampaniyası “350.org” hərəkatı ilə əməkdaşlığa başlayır
Bakı, 18 yanvar (AZƏRTAC). Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA) beynəlxalq müstəvidə daha bir qlobal ekoloji hərəkat ilə əməkdaşlığa başlayır.
“350.org” hərəkatı start verdiyi Qlobal Enerji Dəyişikliyi (GPS-Global Power Shift www.globalpowershift.org) adlı növbəti mühüm layihə çərçivəsində IDEA kampaniyası ilə əməkdaşlıq haqqında ilkin razılıq əldə etmişdir.
IDEA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kampaniyanın fəaliyyətinin əsas istiqamətlərindən birinin də qlobal istiləşmə problemi olduğunu nəzərə alaraq “350.org” hərəkatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə qarşılıqlı dəstəyin verilməsi və beynəlxalq ekoloji aksiyaların təşkili məsələləri nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində bu ilin iyununda Türkiyənin İstanbul şəhərində yeddi günlük beynəlxalq sammitin keçirilməsi planlaşdırılır. Dünya ölkələrindən 500-ə qədər fəal gəncin iştirak edəcəyi tədbirdə əsasən bəşəriyyətin gələcəyini təhlükə atında saxlayan qlobal iqlim dəyişikliyi, atmosferdə karbon qazı tullantılarının miqdarının artması kimi ekoloji problemlərin müzakirəsi nəzərdə tutulur. Sammitdə IDEA-nın nümayəndələri və digər fəal gənclərimiz də iştirak edəcəklər.
Tədbir iştirakçıları layihənin davamı olaraq öz ölkələrində “GPS” Azərbaycan komandası yaratmaqla layihə ilə əlaqədar müxtəlif konfranslar, aksiyalar, maarifləndirmə kampaniyaları təşkil edəcək və bütün bəşəriyyəti ekoloji problemlərlə mübarizə aparmaq üçün səfərbərliyə çağıracaqlar.
“350.org” hərəkatı (http://www.350.org) dünyanın 188 ölkəsində fəaliyyət göstərir və əsas məqsədi insanları planetimiz üçün böyük ekoloji problem olan iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətə cəlb etmək, eləcə də bu məsələ ilə bağlı insanları maarifləndirməkdir.
2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış və qlobal ekoloji şəbəkənin yaradılmasına töhfəsini verən IDEA Ətraf Mühit Kampaniyası indiyədək bir çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etmişdir.