IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO
Berlin, 16 iyun, AZƏRTAC
Xəzər dənizi iqlim dəyişikliklərinin təsiri altındadır. Bu amillərin təsiri nəticəsində Xəzər dənizinin səviyyəsi kəskin şəkildə aşağı düşür və bu da müxtəlif ekoloji, hidroloji problemlərə səbəb olur. Bu problemi dünya ictimaiyyətinə çatdırmaq, beynəlxalq səviyyəyə qaldırmaq lazımdır. Düşünürəm ki, bu proses çox uğurla həyata keçirilir. Cenevrədən sonra Bonn şəhərində də belə bir tədbirin təşkili çox əhəmiyyətli oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov Bonnda Azərbaycan mediasına müsahibəsində səsləndirib.
O qeyd edib: “Ümumilikdə tədbirin Bonn şəhərində keçirilməsi məhz bu baxımdan yüksək qiymətləndirilməlidir. Çünki Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı proseslər ciddi ekoloji, hidroloji və sosial-iqtisadi problemlər yaradır. Bu problemin dünya ictimaiyyətinin müzakirəsinə çıxarılması, eləcə də məsələnin təkcə Xəzəryanı ölkələrin səyləri ilə deyil, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin də iştirakı ilə həllinə səylərin göstərilməsi, ən azından bu proseslərin təsirinin yumşaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Bu baxımdan IDEA İctimai Birliyinin Bonnda keçirdiyi tədbir müvafiq istiqamətdə atılan uğurlu addımlardan biridir”, - deyə E.Səfərov bildirib.