“İdeyadan başlanğıca” startap layihələrinin formalaşdırılması mövzusu müzakirə edilib
Naxçıvan, 11 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “İdeyadan başlanğıca” startap layihələrinin formalaşdırılması mövzusunda vebinar keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsinə və seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir. Startap layihələri haqqında danışan şöbə müdiri qeyd edib ki, yeni startap layihələrinin hazırlanması həm muxtar respublikanın inkişafı, həm də gənclərin layihələrinin tətbiqi sahəsində mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin əməkdaşı Mehparə Məmmədova “Beynəlxalq platformada startaplar” mövzusunda çıxış edərək vurğulayıb ki, startap layihələrin yaranması cəmiyyətdə baş verən müəyyən ehtiyaclardan yaranır. Keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır. Nazirliyin əməkdaşı tələbələrəmuxtar respublikanın inkişafına töhfə verəcək yeni layihələr yaratmağı tövsiyə edib.