CƏMİYYƏT
“İdeyanı reallaşdır” müsabiqəsinin ilk qalibləri elan edilib
Bakı, 2 iyul, AZƏRTAC
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə sosial təcrid müddətini gənclər üçün daha əyləncəli və faydalı keçirmək məqsədilə gənclərin sosial şəbəkələrdə layihələrinin və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə dair aprelin 10-da Gənclər Fondu tərəfindən elan olunan müsabiqənin qalibləri müəyyənləşib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “İdeyanı reallaşdır - gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nin şərtlərinə əsasən, gənclər #evdəqal həştəqinə uyğun şəkildə sosial şəbəkələr vasitəsilə əyləncəli kontentlər, virtual çağırış aksiyaları, faydalı və maarifləndirici videoçarxlar və digər maraqlı təşəbbüslərini təqdim ediblər. Müsabiqə müddətində “GəncApp” mobil applikasiyası və Gənclər Fondunun rəsmi internet saytına gənclər tərəfindən yüzlərlə layihə və ideya daxil olub.
Müsabiqənin sonuncu mərhələsində - iyulun 2-də “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi olmuş 15 gəncin adı Gənclər Fondunun “Facebook”dakı rəsmi səhifəsində elan edilib.