İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kiloqram və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2 ton 100 kiloqram yodlaşdırılmış duz məhsulundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.