İKİ QƏM - İKİ KƏDƏR
O müdhiş gecədə yaralanmış polis kapitanı Abbas Şahbazov çıxışında xatırlatdı ki, Prezident Heydər Əliyev tez-tez iftixarla bu sözləri deməyi sevərdi: “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”. Bu müstəqilliyin əldə edilməsi uğrunda mübarizə tarixində 20 Yanvarın xüsusi yeri var. Həmin gün gənclərimiz üçün ibrətamiz bir gün oldu.
Bu hadisələrin digər şahidləri, o cümlədən 20 Yanvar Cəmiyyətinin rəhbəri Rəhman Hacıyev də acı xatirələrini bölüşdü.
Muzeyin direktoru Azadə Hüseynova vurğuladı ki, yanvar qırğını heç də təsadüf deyildi, xalqın gözünü qorxutmaq üçün ona cidd-cəhdlə hazırlaşmışdılar.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva həmin gecə baş vermiş dəhşətli hadisələrdən söhbət açdı, o vaxt Moskvada yaşayan Heydər Əliyevin vətəndaş cəsarətini - Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirdiyi mətbuat konfransında qorxub-çəkinmədən Sovet İttifaqı rəhbərliyinin əməllərini qəzəblə pisləməsini xatırlatdı.
Sonra mərasim iştirakçıları rəssam Kamil Ramazanovun 20 Yanvara həsr etdiyi “Fəryad”, “Məğrur nənə”, “Şəhidlər xiyabanı”, “Dəfn mərasimi”, “Təəssübkeş” əsərləri ilə tanış oldular. Axırda ehsan verildi.
Ruhunuz şad olsun, şəhidlər!