“İKI SAHİL” QƏZETİNİN NÖVBƏTİ XÜSUSİ BURAXILIŞI NEFTÇİLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Azərbaycan neft sənayesinin dünənini və bu gününü əks etdirən rəngli fotolar, ulu öndərimiz Heydər Əliyevin və ölkəmizin Prezidenti İlham Əliyevin yerli neftçilər və xarici şirkətlərin nümayəndələri ilə mədənlərdə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında, yeni qurğuların işə salınmasında çəkilmiş şəkilləri xüsusi buraxılışın sambalını daha da artırır.
Xüsusi buraxılışı oxunaqlı edən ən əsas cəhətlərdən biri Azərbaycan neft sənayesinin 1970-1980-ci illərdə yenidən qurulmağa başlanması ilə bugünkü yüksək inkişafının vəhdət halında götürülməsidir. Bu vəhdət təkcə yazıların dili ilə deyil, 30-35 il əvvəl çəkilmiş fotoşəkillər vasitəsilə də oxucuda xoş duyğular, sahənin böyük inkişafa çatmasında haqlı qürur doğurur.
2001-ci il avqustun 16-da Azərbaycan Prezidenti Heydər Əliyevin hər il sentyabr ayının 20-nin “Neftçilər günü” kimi qeyd olunması barədə imzaladığı Fərmanın xüsusi buraxılışda yer alması “Əsrin müqaviləsi”nin fəaliyyətə başladığı vaxtdan Bakı-Tbilisi-Ceyhan kəmərinin işə salınmasınadək olan dövrün ən qaynar hadisələrini göz önünə gətirir.
Xüsusi buraxılışda ölkəmizin başçısı İlham Əliyevin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təntənəli açılış mərasimindəki çıxışının tam mətni dərc olunmuşdur.
“İki sahil”in Neftçilər gününə həsr olunmuş xüsusi buraxılışında, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin müsahibəsi maraq doğurur. Bu müsahibədə Dövlət Neft Şirkətinin çoxşaxəli fəaliyyətinə aydınlıq gətirilir.
Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, emal üzrə vitse- prezident Davud Məmmədovun, marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, ümumi məsələlər üzrə vitse-prezident Mikayıl İsmayılovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahin İsmayılovun, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun direktoru Səfixan Məmmədovun, şirkətin tərkibində olan digər qurum və müəssisə rəhbərlərinin yazıları, həmçinin “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin publisistik oçerki xüsusi buraxılışın maraqla oxunan yazılarıdır.
Bu nəşri neftçilərin peşə bayramına “İki sahil” qəzeti redaksiyası kollektivinin dəyərli hədiyyəsidir. Belə bir uğurlu nömrəni hasilə gətirən qələm dostlarımızı təbrik edirik.