REGİONLAR
İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmi böyük maraqla qarşılanıb











İmişli, 23 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayon Heydər Əliyev Mərkəzində şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr edilmiş, “Biz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli film rayon ictimaiyyətinə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Qayıdış İctimai Birliyinin əməkdaşlarının, şəhid ailələrinin, hərbçilərin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb.
Qeyd edilib ki, Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hasil Tağıyevın rəhbəri olduğu “Qayıdış” İctimai Birliyi tərəfindən lentə alınıb. Filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir. Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovdan bəhs edən bədii-sənədli filmdə şəhidin uşaqlıq, gənclik illəri, Azərbaycan Ordusunun zabiti kimi keçdiyi şərəfli həyat yolu işıqlandırılıb. Maraqlı süjet xəttinə malik olan filmdə, şəhidin ruhən uşaqlıq illərini, oxuduğu orta məktəbi ziyarət etdiyi, əzizləri ilə görüşdüyü və kadrarxasından öz həyatını danışdığı əksini tapıb. Filmin sonunda şəhidin övladının “Sənin kimi zabit olub, Vətəni sənin kimi qoruyacağam, ata!” ifadəsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Film təqdimatından sonra İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektoru üzrə nümayəndəsi, “Vətən fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızı, Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, şəhid baş leytenant Cavid Səfərlinin anası Xatirə Əliyeva və şəhid mayor Emin Süleymanovun anası Tamara Süleymanova çıxış ediblər. Qeyd edilib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz özlərindən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq yaddaşlara həkk olunub və onlar daim qəlblərdə yaşayacaqlar.