İQTİSADİYYAT
İndiyədək 414 qazanxana və 57 istilik məntəqəsi kompleks yoxlanılıb
![İndiyədək 414 qazanxana və 57 istilik məntəqəsi kompleks yoxlanılıb](/files/2023/2/1200x630/1690525137116141720_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir.
AZƏRTAC-a ASC-dən bildirilib ki, təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 826,270 kilometr istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 5,203 kilometr istilik xətləri əsaslı təmir olunub, 147,997 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb. İndiyədək 414 qazanxana və 57 istilik məntəqəsi kompleks yoxlanılıb, 203 qazan aqreqatı təmir olunaraq istismara hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, istilik təsərrüfatlarında istismar edilən 1000 kilometrdən çox magistral və məhəlli istilik xətləri, 150 kilometr qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğuya baxış keçiriləcək.
“Azəristiliktəchizat” ASC-nin mütəxəssis-texniki heyəti tərəfindən Bakı şəhəri və regionlar üzrə xidmət zonasına daxil olan 3870 yaşayış binası, 287 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində aparılan monitorinq və araşdırmalar nəticəsində balans saxlayıcılarına məxsus binadaxili mühəndis kommunikasiya xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərməklə istilik təchizatında fasilələrin, həmçinin son nəticədə haqlı narazılıqların yaranmasına səbəb olan bir sıra texniki problemlər aşkar edilib. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlər edilib.
Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.