SİYASƏT
İndoneziya KİV-ləri dünyanın müxtəlif şəhərlərində ermənilərin azərbaycanlılara hücumlarını pisləyən məqalələr yayıb
Cakarta, 27 iyul, AZƏRTAC
İndoneziya kütləvi-informasiya vasitələri dünyanın müxtəlif şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə qarşı hücumlarını pisləyən məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin "indonesiainside.id", "nkriku.com", "arrahmah.com" və digər saytlarında iyulun 12-də Ermənistanın Azərbaycana hərbi təxribatından sonra ABŞ-da və Avropanın bir sıra şəhərlərində buna etirazını bildirən dinc azərbaycanlıların ermənilər tərəfindən təcavüzə və hücuma məruz qalmaları barədə məlumatlar dərc olunub.
"arrahmah.com" saytının yaydığı "Erməni ekstremistlər ABŞ-da azərbaycanlıları təhdid edirlər" adlı məqalədə ermənilərin hücumlarının qarşısını almaq üçün Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun polisə müraciət etmək məcburiyyətində qaldığı qeyd edilib.
Eyni zamanda, konsulluq tərəfindən azərbaycanlılara qarşı hücuma çağıran internet hesablarının toplandığı da bildirilir. Qeyd edilir ki, "Instagram"dakı belə hesablardan biri Ermənistan bayrağının da əks olunduğu "armo_bountyhunters"dir. Həmin internet-hesabda bu rayonda yaşayan azərbaycanlıların və türklərin ünvanları barədə informasiyaya görə bitkoinlə ödənişlər təklif edildiyi də bildirilir.
Bundan əlavə, Ermənistandan olan bir "Facebook" istifadəçisinin azərbaycanlı nümayişçilərə hücuma görə öz həmyerlilərini təriflədiyi də qeyd edilir. İstifadəçi yazır: "Tezliklə Los-Ancelesdə öldürülən azərbaycanlıların sayı daha da artacaq. Yaxşı işdir, qardaş!!"
Bildirilir ki, Los-Anceles şəhərinin merini bu cinayətlərə qarşı kəskin mövqe nümayiş etdirməyə çağıran konsulluq öz həmvətənlərinə ehtiyatlı olmağı, erməni qruplarının təxribatına uymamağı tövsiyə edir.
Qeyd edilir ki, yerli "KTLA 5 News" kanalında ermənilərin hücumu zamanı polis əməkdaşlarının da xəsarət alması barədə ətraflı məlumatlar verilir.
"indonesiainside.id" və "nkriku.com" saytlarında isə İsveçin Stokholm şəhərində dinc azərbaycanlıların Ermənistanın Azərbaycana hərbi təxribatı ilə bağlı təşkil etdikləri nümayiş barədə məlumat verilir. Qeyd edilir ki, təcavüzkar dövlətin hərəkətlərinə etiraz məqsədilə parlamentin qarşısında toplaşan nümayişçilər bu hücumu dayandırmağa tələb edərək, həlak olanların adlarını sadalayıblar.
Nümayiş zamanı İsveç hökumətinin və beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qəti addımlar atmasına çağırışlar səslənib.
Məqalələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri barədə də indoneziyalı oxuculara ətraflı məlumat verilir. Qeyd edilir ki, beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması barədə qəbul etdiyi qətnamələrə baxmayaraq, bu tələb işğalçı dövlət tərəfindən hələ də yerinə yetirilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta