İndoneziya mediası Ermənistanın təxribatından yazıb
Bakı, 15 sentyabr, AZƏRTAC
İndoneziyanın https://www.kompasiana.com xəbər saytında ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycan diasporunun bəyanatı yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan icmasının fəal üzvü Ələsgər Hacıyevin təşəbbüsü ilə yayımlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq törətdikləri hərbi təxribat barədə indoneziyalı oxuculara ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Qeyd edilib ki, İndoneziyada yaşayan Azərbaycan icması yaranmış vəziyyətə görə dərin həyəcan və narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar ortadadır.
Soydaşlarımız beynəlxalq birliyi Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıb.