HEYDƏR ƏLİYEV - 100
İndoneziya mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub




Bakı, 4 oktyabr, AZƏRTAC
İndoneziyanın aparıcı KİV-lərində Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev və Azərbaycan-İndoneziya münasibətləri” mövzusunda məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanla İndoneziya arasında münasibətlərin inkişafı, hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsasının qoyulması bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Məqalədə vurğulanıb ki, Ümummilli Liderin Azərbaycan-İndoneziya münasibətlərinin inkişafına xüsusi önəm verməsi bu gün ölkələrimiz arasında əlaqələrin şaxələndirilməsində mühüm rol oynayıb.
Ulu Öndərin siyasətinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, İndoneziyada Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında güclü və etibarlı tərəfdaşlığın, dostluq münasibətlərinin inkişafına, beynəlxalq təşkilatlarda əməkdaşlığına mühüm töhfə verib.