İndoneziyada Ulu Öndərin 100 illiyinə həsr olunan tədbir keçirilib
Pekin, 25 dekabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi “Heydər Əliyev İli” çərçivəsində paytaxt Cakartada Ulu Öndərin 100 illik yubileyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İndoneziyanın Prezident Administrasiyası da daxil olmaqla, dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirliklərinin rəsmiləri, dünyada üzvlərinin sayına görə ən böyük müsəlman təşkilatı olan Nəhdətul Ulamanın məsul şəxsləri, Türkiyənin İndoneziyadakı səfiri, habelə Azərbaycanın dostları olan yerli ictimaiyyət və media nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Əvvəlcə iştirakçılar foyedə Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən fotostendlə tanış olublar.
Ümummilli Liderin həyatı barədə filmin nümayişindən sonra çıxış edən ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin keçdiyi ömür yolundan, siyasi fəaliyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin həyatında silinməz iz qoyub, yaddaşlarda əvəzedilməz siyasi xadim kimi qalıb.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb daxili və xarici çağırışlarla üzləşdiyini vurğulayan səfir C.Mirzəyev əlavə edib ki, məhz belə bir dövrdə Heydər Əliyev kimi güclü siyasi xadimə ehtiyac yaranıb, xalqın istəyi və tələbi nəticəsində 1993-cü ildə yenidən hakimiyyətə gələn, müasir Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan təlatümlü dövrü keçərək hərtərəfli inkişafa nail olub.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi günü-gündən möhkəmlənir, siyasi, iqtisadi gücü artır.
Tədbirdə Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə Azərbaycan və dünya musiqisinin incilərindən nümunələr ifa edib.
Tədbir bir çox yerli media qurumu tərəfindən geniş işıqlandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin