İngiltərədə sığınacaq axtaranların yerləşdirildiyi hotellə bağlı məhkəmə işi davam edir
London, 10 mart, AZƏRTAC
İngiltərənin Esseks qraflığının Eppinq şəhərində sığınacaq axtaranların yerləşdirildiyi “Bell Hotel” ətrafında aparılan hüquqi mübarizə yerli şuraya 566 min funt sterlinqə başa gəlib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Mühafizəkarların rəhbərlik etdiyi Eppinq Rayon Şurası ötən ilin noyabrında Ali Məhkəmədə bu məsələ ilə bağlı açdığı işi uduzub.
Şura nümayəndəsi bildirib ki, yerli sakinlərin maraqlarını nəzərə alaraq qərara qarşı mübarizəni davam etdirirlər. 2025-ci ilin yayında həmin hoteldə yaşayan bir sığınacaq axtaran şəxsin həbs olunması və daha sonra ona seksual cinayətlərə görə həbs cəzasının verilməsi fonunda hotelin bağlanması ilə bağlı çağırışlar daha da artıb.
Yerli hakimiyyət orqanı Ali Məhkəmənin qərarından apellyasiya şikayəti vermək üçün yenidən məhkəməyə müraciət edib. Şuranın vəkilləri iddia edirlər ki, hotelin sahibi olan “Somani Hotels Ltd” şirkəti sığınacaq axtaran şəxsləri yerləşdirməklə planlaşdırma qanunlarını pozub.
Şuranın 566 min funt sterlinqlik hüquqi xərclərinə daxili işlər naziri Şabana Mahmuda və “Somani Hotels Ltd” şirkətinə ödənilən məhkəmə xərcləri də daxildir. Bu məbləğ müvafiq olaraq 66 min və 95 min funt sterlinq təşkil edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London