İordaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir
Əmman, 25 aprel, AZƏRTAC
İordaniya Senatında (Yuxarı Palata) İordaniya-Azərbaycan Dostluq Qrupunun sədri senator Muhammad Suqur və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri senator Marvan Əl-Humudun ölkəmizin səfiri Sabir Ağabəyovla görüşündə aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginlik və hazırkı vəziyyət diqqət mərkəzində olub.
Səfir bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi daxil olmaqla, ərazisinin bir hissəsinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi və Ermənistanın həmin torpaqlarda qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunması və münaqişənin siyasi yolla həllinə əsas maneədir. Diplomat qoşunların təmas xəttində gərginliyin yaradılmasına görə Ermənistanın tam məsuliyyət daşıdığını diqqətə çatdırıb.
S.Ağabəyov, eyni zamanda, qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyini və işğalçı dövlətin bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyini vurğulayıb. O, münaqişənin həll olunması ilə bağlı Azərbaycanın mövqeyinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının sənədlərinə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığını söyləyib. Səfir davamlı sülhə nail olmaq üçün yeganə yolun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsi olduğunu bildirib. O, münaqişənin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini diqqətə çatdırıb.
Görüşdə senatorlar Prezident İlham Əliyev və Kral II Abdullahın dostluq münasibətlərini qeyd edib, İordaniyanın Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini hər zaman tam dəstəklədiyini bildiriblər. Onlar münaqişənin həlli üçün başlıca əsaslar olan BMT Təhlükəsizlik Şurasının, həmçinin BMT Baş Assambleyasının sənədlərinin icra edilməsinin vacibliyini vurğulayıblar. Senatorlar beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının işğalını dayandırmağı, işğal olunmuş bütün ərazilərdən öz qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırdıqlarını vurğulayıblar.
Sonda qarşı tərəfə aprelin əvvəllərində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalinin hədəfə alınması, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır silahlardan intensiv atəşə məruz qalması və erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində mülki şəxslərin həlak olduğu və yaralandığını, eyni zamanda, ictimai və özəl mülkiyyətə ziyan vurulduğu barədə əyani vəsaitlər təqdim edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman