İordaniya mediası Ulu Öndər haqqında məqalələr dərc edib
Bakı, 13 dekabr, AZƏRTAC
İordaniyanın “Petra” rəsmi informasiya agentliyinin saytında, aparıcı “Jordantimes”, “Al-Ray”, “Al-Dustur” və “Al-anbat” hökumət qəzetlərinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.ammonnews.com , www.johinanews.com , www.alsaa.net , www.nbnjo.com , www.nayrouz.com , www.urubanews.com və www.alwakaai.com elektron xəbər portallarında “12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür” və Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı səfirlik tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “Azərbaycan səfirliyinin Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı bəyanatı: Heydər Əliyev İordaniya ilə əlaqələrin möhkəmlənməsində böyük rol oynayıb” sərlövhəli məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilib, dünya səviyyəli siyasətçinin Azərbaycan Respublikasının çətin günlərində apardığı uğurlu xarici və daxili siyasətdən, beynəlxalq arenada ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən bəhs edilib, həmçinin İordaniya-Azərbaycan əlaqələrinin təşəkkül tapması və uğurlu inkişafında Heydər Əliyevlə İordaniya Kralı Hüseyn bin Talal arasında 1994-cü il dekabrın 13-də Mərakeşdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində keçirilmiş görüşə toxunularaq, bunun ölkələr arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri üçün möhkəm zəmin yaratdığı qeyd olunub.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərin yolunu inamla davam etdirdiyi, öz ölkəsinin şöhrətini, nüfuzunu qoruyub saxladığı, habelə siyasi müdrikliyi ilə Azərbaycanı parlaq gələcəyə apardığı qeyd edilib.