İordaniya mətbuatı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü barədə yazır
Qahirə, 7 may, AZƏRTAC
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində (ingilis və ərəb dillərində), “Jordan Daily” xəbər saytında, həmçinin Krallığın aparıcı “Əl-Dustur” dövlət qəzetində, eləcə də geniş oxucu auditoriyasına malik “Əl-Ğad”, “Nayrouz”, “Ammonnews” və “Cleopatranews” xəbər portallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin bəyanatına istinad olunduğu yazılarda Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün dərin ehtiramla qeyd edildiyi, Heydər Əliyevin Azərbaycan tarixində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli həmrəyliyin gücləndirilməsi istiqamətində müstəsna xidmətlər göstərmiş görkəmli dövlət xadimi olduğu bildirilib.
Məqalələrdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın müstəqilliyini qoruyaraq regionun aparıcı siyasi və iqtisadi dövlətlərindən birinə çevrildiyi, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı, onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitliyin təmin edildiyi, güclü dövlətçilik ənənələrinin formalaşdırıldığı və davamlı inkişafın əsasının qoyulduğu qeyd olunub.
Yazılarda, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən strateji enerji layihələrinin, xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın beynəlxalq enerji bazarında mühüm mövqeyə sahib olmasına şərait yaratdığı, bu siyasət nəticəsində ölkənin iqtisadi gücünün möhkəmləndiyi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyi və Azərbaycanın geosiyasi əhəmiyyətinin daha da artdığı bildirilib.
Eyni zamanda, yazılarda Heydər Əliyevin təhsil, elm, mədəniyyət və gənclərin inkişafına xüsusi diqqət yetirdiyi, peşəkar dövlət idarəçiliyi sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atdığı, onun zəngin siyasi irsinin Azərbaycan xalqının milli qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm örnək olduğu vurğulanıb.
Məqalələrdə, həmçinin Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsasının məhz Heydər Əliyevin rəhbərliyi dövründə qoyulduğu, hazırda bu münasibətlərin Prezident İlham Əliyev və İordaniya Kralı II Abdullahın rəhbərliyi altında uğurla inkişaf etdiyi, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın gündən-günə genişləndiyi qeyd olunub.
Məqalələrdə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb.