İordaniya Senatında Azərbaycan parlamenti ilə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Qahirə, 1 sentyabr, AZƏRTAC
İordaniya Senatının spikerinin köməkçisi Əl-Ayn Mufleh Əl-Rəhiminin sədrliyi ilə İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovla keçirdiyi görüşdə Azərbaycan Milli Məclisi ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında ikitərəfli münasibətlər və onların müxtəlif sahələrdə, xüsusilə də parlamentlərarası əlaqələr üzrə genişləndirilməsi və inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Əl-Rəhimi Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullanın səyləri nəticəsində iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O əlavə edib ki, qanunverici orqanlar arasında əməkdaşlığın daha da inkişafı iki ölkənin xalqlarının maraqlarına xidmət edir.
Səfir E.Səlimov bildirib ki, Kral II Abdullanın rəhbərliyi ilə İordaniya regionda təhlükəsizlik və sabitliyin bərqərar olunmasında böyük və səmərəli rol oynayır. O bildirib ki, Azərbaycan dost İordaniya ilə əlaqələrin daha da inkişafında maraqlıdır və bu kontekstdə müxtəlif iqtisadi, mədəni layihələrin həyata keçirilməsi, həmçinin parlamentlərin üzvlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə