İqlim dəyişmələri ilə bağlı Bakıda keçirilən beynəlxalq konfrans işini panel iclaslarla davam etdirir
Bakı, 26 sentyabr, AZƏRTAC
"İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans rəsmi açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbir iştirakçıları konfransın əsas hədəfləri ilə bağlı fikir mübadiləsi aparıb, “İqlim fəaliyyəti və BMT-nin iqlim danışıqları”, “İqlim dəyişikliklərinin iqtisadi təsirləri və dayanıqlı iqlim maliyyəsi üçün strategiyalar”, “Dayanıqlı İnkişaf Məqsədləri”ndə (DİM) ədalətli keçid”, “Həmkarlar ittifaqlarının milli iqlim fəaliyyətləri” və “Həmkarlar ittifaqlarının iqtisadiyyatın sektorları üzrə iqlim fəaliyyətləri” mövzusunda mülahizə və təkliflərini bildiriblər.
Konfrans çərçivəsində iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar da təşkil olunacaq, müxtəlif tərəflər arasında əməkdaşlıqla bağlı görüşlər keçiriləcək.
Qeyd edək ki, konfransın təşkilində məqsəd həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsidir.