İqor Terexov: Azərbaycan Respublikası ilə əməkdaşlığı genişləndirmək Xarkov üçün çox əhəmiyyətlidir
Xarkov, 27 iyul, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və ölkəmizin Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov şəhər şurası rəhbərinin birinci müavini İqor Terexovla görüşüblər.
AZƏRTAC Xarkov şəhər şurasının saytına istinadla xəbər verir ki, səfir görüşdə bu səfərin Xarkova ilk işgüzar tanışlıq səfəri olduğunu bildirib. O qeyd edib ki, bu görüş çərçivəsində Ukrayna və Azərbaycan şəhərləri arasında əməkdaşlığın perspektiv istiqamətlərini öyrənir. Elmira Axundova Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy ilə bu yaxınlarda təşkil olunacaq görüşündə səslənə biləcək təkliflər paketinin hazırlanmasını təklif edib.
İqor Terexov Xarkovda hazırda həyata keçirilən infrastruktur layihələrindən, şəhərin elmi və sənaye potensialından söhbət açıb. Tərəflər IKT və iqtisadiyyat sahələrində biznes-nümayəndələrin mübadiləsi imkanlarını müzakirə ediblər.
Şəhər başçısının birinci müavini qeyd edib ki, Azərbaycan Respublikası ilə əməkdaşlığı genişləndirmək Xarkov üçün çox əhəmiyyətlidir. Bundan ötrü isə COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin başa çatdıqdan sonra Xarkov-Bakı aviareysi bərpa edilməlidir, bu reysə tələbat daim kifayət qədər yüksək olub.
“Regionlararası səviyyədə iqtisadi və siyasi əlaqələri inkişaf etdirən xalq diplomatiyası sistemini qurmaq lazımdır. Biz hansı bələdiyyələrarası proqramları apara biləcəyimizi götür-qoy edəcəyik, bu məsələləri işləyib hazırlayacağıq və siz həyata keçirilməsi mümkün olan təklifləri alacaqsınız”, - deyə Xarkov şəhər şurası rəhbərinin birinci müavini İqor Terexov görüş zamanı təklif edib.
İqor Terexov, həmçinin səfirə bildirib ki, Xarkov şəhər şurası Azərbaycanın paytaxtı Bakı şəhəri ilə qardaşlaşma münasibətləri qurmaq niyyətindədir. Elmira Axundova bu məsələnin həyata keçirilməsində yardımçı olmağı vəd edib. Xüsusən ona görə ki, Ukraynanın ən böyük Azərbaycan diasporu təşkilatlarından biri Xarkovda yerləşir, bu şəhərdə təkcə Azərbaycandan olan tələbələrin sayı 3 minə yaxındır.
“Bu, bizim ümumi gələcəyimiz və potensialımızdır. İqtisadiyyata gəlincə, mən “kiçik işlər nəzəriyyəsi”nin qlobal layihələrdən daha yaxşı olması fikrinə tərəfdaram. İqtisadiyyat daha çox yaxınlaşdırır. Ola bilsin ki, biz regionlararası biznes-forum səviyyəsinə çıxaq. Mən çox istərdim ki, sizin biznesmenlər, müəssisələrin rəhbərləri Bakıya səfər etsinlər və bizim işgüzar adamlarla görüşsünlər. İstərdim ki, Xarkov və Bakı arasında mədəni-iqtisadi əməkdaşlıq barədə Memorandum imzalansın. Hər halda bunun baş verməsi üçün əlimdən gələni edəcəyəm”, - deyə Azərbaycan səfiri Elmira Axundova yekunda bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov