İqtisadçı ekspert: Türk dünyasının vahid iqtisadi sisteminin qurulması prosesi aparılır
Bakı, 3 may, AZƏRTAC
“Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş təkcə gömrük əməkdaşlığına deyil, eyni zamanda, ölkələrin birbaşa iqtisadiyyatına öz töhfəsini vermiş olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Ekspert qeyd edib ki, bu gün türk dünyası iqtisadiyyatının həcmi 1,2 trilyon dollardan çoxdur və Türk dövlətləri arasında olan əlaqələrin getdikcə güclənməsi imkan verir ki, iqtisadi əlaqələr də sürətlənsin. Vahid türk dünyası inteqrasiyası baş tutsun.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra bu inteqrasiya tamamlanacaq. Ekspert əlavə edib ki, müxtəlif sazişlərin qəbulu istər gömrük, istərsə də logistik sahədə əməkdaşlıq imkanlarını genişləndirəcək. E.Əmirov vurğulayıb ki, son dövrlər Azərbaycanın bütün Türk dövlətləri ilə iqtisadi əlaqələrində, əsasən də ticarət dövriyyəsində ciddi artımlar var. Artımın ən az olduğu ölkə Qırğızıstandır ki, onunla belə, 17 faiz artım var.
İqtisadçı ekspertə görə, Özbəkistanla 64 faiz, Qazaxıstanla 135,8 milyon dollarlıq ticarət dövriyyəsi 600 milyon dollar çatıb. Həmçinin Türkmənistanla ticarət dövriyyəsi 5,1 dəfə artıb. Türkiyə ilə 4,6 milyondan 5,8 milyona çatıb. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 7,2 milyard dollara yüksəlib.
Eldəniz Əmirov qeyd edib ki, bu gün Ələt Beynəlxalq Ticarət Limanının yükdaşıma qabiliyyəti 15 milyon tondan 25 milyon ton qədər artırılması istiqamətində işlər gedir. Bundan başqa Zəngəzur dəhlizinin açılması istiqamətində proses gedir və vahid türk dünyasının inteqrasiyası ilə bağlı işlər aparılır. İndi haqqında danışdığımız logistik fəaliyyətin asanlaşdırılması ilə bağlı bu saziş imzalanıb. Yəni bütün bunlar kompleks şəklində türk dünyasında vahid iqtisadi sistemin qurulmasına və ciddi inkişafına öz töhfəsini verəcək.