İqtisadi və sosial islahatların vəhdəti ölkəmizdə vətəndaş məmnunluğunun artmasında mühüm rol oynayır
Bərdə, 16 yanvar, AZƏRTAC
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” fikrini səsləndirdi. Dövlət başçısı sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya prioritet məsələ kimi qoydu. Məlumdur ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi istiqamətində atılan addımların əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı durur. İqtisadi və sosial islahatların vəhdətinin qorunması ölkəmizdə vətəndaş məmnunluğunun artmasında mühüm rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.
Təşkilatın sədri bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ölkəmizin iqtisadi uğurlarına və bunların fonunda həyata keçirilən sosial layihələrə diqqət yönəltməsi bir daha insan amilinə verilən dəyəri, “Güclü dövlət, yüksək rifah” prinsipinin dövlətimizin siyasətinin əsasında dayandığını nümayiş etdirdi. “Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq” söyləyən dövlət başçısı bildirdi ki, dünya üçün bu böhranlı vəziyyətin xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirilməsinə çalışırıq. Müharibədən təzə çıxmış, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır. Bu hədəf bir daha diqqətə çatdırıldı ki, məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər.
F.Şadlinskaya qeyd edib ki, cari il üçün təsdiqlənən ilk sosial paket ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manat oldu. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı. Bu prosesin davam etdiriləcəyi bildirilir. Prezidentin qeyd etdiyi kimi, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə deyil, müntəzəm olaraq atılan addımlardır. İqtisadi imkanlarımızın artması güclü sosial siyasətlə tamamlanır.
“Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının nümayişidir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərimizdə keçmiş köçkünlərin rahat, ən yüksək səviyyədə yaşayışları üçün bütün imkanlar yaradılır. Görülən və görüləcək işlər insan amilinə dəyərin təqdimatıdır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir”, - deyə Fəqət Şadlinskaya bildirib.