ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, professor Nazim Müzəffərlinin sədrlik etdiyi imtahan komissiyasına professorlar Akif Musayev, Gülşən Yüzbaşıyeva, Müşfiq Atakişiyev, iqtisad üzrə elmlər doktoru Fuad Qənbərov və dosentlər Allahyar Muradov, Rəsmiyyə Abdullayeva, Gülsurə Mehdiyeva daxildir.
İmtahanda ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 15 nəfər iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb, qeyri-kafi qiymət alan olmayıb, bütün iştirakçılar müsabiqəyə buraxılıb.
2019-2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul planı üzrə 6 yer ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq.