İqtisadiyyat İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçən iclasda “AMEA İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında” Rəyasət Heyətinin 2020-ci il 5 fevral tarixli qərarı barədə məlumat verilib. Qeyd olunub ki, həmin qərarda İqtisadiyyat İnstitutunun da fəaliyyəti əksini tapıb. İnstitutun hökumət qurumları ilə qarşılıqlı səmərəli əməkdaşlığı, dövlət proqramlarının icrasında yaxından iştirakı, aparılan tədqiqatlar, həyata keçirilən tədbirlər, economics.com.az saytının nümunəvi fəaliyyəti yüksək qiymətləndirilib. İqtisadiyyat İnstitutuna strateji yol xəritələrinin icrası üzrə proqramlarda ekspert qismində yaxından iştirak, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması üzrə tədqiqatların davam etdirilməsi tapşırılıb.
İnstitutun Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib. Elmlər doktoru hazırlığı üzrə 3, fəlsəfə doktoru hazırlığı üzrə 4 dissertantın dissertasiya mövzuları geniş müzakirə edilərək təsdiqlənib.
İclasda “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsinə dəyişiklik edilib, təqaüd verilmək üçün yaş həddi 30-dan 35-ə yüksəldilib. Qərara əsasən iqtisad elmləri doktoru Fuad Qənbərovun əməkhaqqısından hər ay ayrılacaq 100 manat hesabına elmi işçi Gülnarə Fətəliyeva 1 il “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd” alacaq.
Elmi şuranın qərarı ilə Rəşad Əhmədovun “Azərbaycanda sosial müdafiə sistemi”, dosent Ramil Əliyev və böyük elmi işçi Sevda Mahmudovanın həmmüəllifliyi ilə “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” monoqrafiyaları çapa tövsiyə edilib.