İQTİSADİYYATIN İNKİŞAFINDA KİÇİK VƏ ORTA SAHİBKARLIQ MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR
AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1995-ci ildən başlayaraq aparılan islahatlar iqtisadiyyatın müxtəlif sahələrində irəliləyişə, o cümlədən sahibkarlığın inkişafına səbəb olmuşdur. Son beş ildə ümumi daxili məhsul 60 faiz, sərmayə qoyuluşu 2,8 dəfə, orta aylıq əmək haqqı 2,2 dəfə artmışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 1998-ci illə müqayisədə 2003-cü ildə 73 faiz, sənayedə isə 54 faiz təşkil etmişdir.
Siyasi və makroiqtisadi sabitlik özəl bölmənin inkişafına güclü təkan vermişdir. Kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu bazanın sistem halına salınmasını təmin edən qanunlar və normativ sənədlər qəbul olunmuş, sahənin inkişafına mane olan halların aradan qaldırılması üçün ölkə prezidenti tərəfindən mühüm fərmanlar verilmişdir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət yetirilmişdir. Çünki onlar istehlak bazarında əmtəə bolluğu və rəqabət yaradır, ölkə iqtisadiyyatının, şəhər və rayonların inkişafında mühüm rol oynayır. Son zamanlar hətta iri müəssisələr bazarda daha çox tələb olunan məhsulların istehsalını kiçik və orta müəssisələrə sifariş edirlər. Bu müəssisələrdə istehlakçıların tələbatı, yeni texnika və texnologiyaların tətbiqi nəzərə alındığı, ehtiyatlardan səmərəli istifadə olunduğu üçün, idarəetmə xərcləri azalır, kapitalın dövretmə sürəti artır.