İran-Azərbaycan əməkdaşlıq əlaqələrinin böyük gələcəyi var
Tehran, 21 avqust, AZƏRTAC
Müasir dövrdə İran-Azərbaycan əlaqələrinin inkişafının yeni mərhələsinin əsası hər iki ölkənin prezidentləri tərəfindən qoyulub. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində qarşılıqlı münasibətlər sürətlə inkişaf edir.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin “Dəniz” qəzetinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, ötən il prezidentlərin qarşılıqlı rəsmi səfərləri iqtisadi, ticarət, maliyyə, mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verib. Hazırda rəsmi şəxslərin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Bu səfərlərdə faydalı əməkdaşlığın perspektivləri və birgə layihələrin reallaşdırılması mexanizmləri müzakirə edilir. Artıq energetika və ticarət sahələrində inkişafa nail olunub. İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi ildən-ilə artmaqdadır.
O vurğulayıb ki, rəsmi Bakı ilə Tehran regional təhlükəsizlik və beynəlxalq terrorçuluğa qarşı mübarizədə də vahid mövqedən çıxış edir. Diplomatlarımız beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malikdirlər.
M.Pakayin bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır.
Səfir Azərbaycanın iqtisadi və siyası cəhətdən inkişaf etdiyini, paytaxt Bakının gözəlliyini qeyd edərək əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
İrana qarşı tətbiq olunmuş ədalətsiz beynəlxalq saksiyalara toxunan diplomat bildirib ki, qadağalar aradan qaldırıldıqdan sonra iki dost və qardaş xalqın mənafeyi naminə qarşılıqlı əlaqələr daha da inkişaf edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran