İrandan Azərbaycana 12 kiloqram narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıblar
Bakı, 18 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti Beyləqanda birgə əməliyyat həyata keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvlərini ifşa edilərək saxlanılıblar.
Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib.
İlkin sorğu zamanı Aydın Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.