İrandan Azərbaycana 33 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb




Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərhəd zastavası “Silaha!” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub.
Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecəgörmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.