İranın Mehr xəbər agentliyi Xocalı soyqırımı barədə geniş məlumat yaymışdır
Bakı, 28 fevral (AZƏRTAC). İranın nüfuzlu Mehr xəbər agentliyinin veb -saytında Xocalı soyqırımı barədə fars və ingilis dillərində geniş material və fotosessiya yerləşdirilmişdir (http://en.mehrnews.com/detail/News/102194, http://mehrnews.com/detail/News/2244266, http://mehrnews.com/detail/Photo/2244180).
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasında keçirilmiş anma mərasimindən hazırlanan materialda faciənin təfərrüatları barədə oxuculara ətraflı məlumat çatdırılmışdır. Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının səbəb və nəticələrindən bəhs olunur. Qeyd edilir ki, artıq bir sıra ölkələrdə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş və soyqırımı kimi tanınmışdır.
Məqalədə göstərilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən 2008-ci il mayın 8-də “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası üzrə təşəbbüs irəli sürülmüşdür. Bu kampaniya çərçivəsində Xocalı faciəsinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi və azərbaycanlılara qarşı soyqırımı aktı olaraq tanınması, habelə beynəlxalq ictimaiyyətin bu soyqırımı barədə məlumatlılıq səviyyəsinin artırılması üzrə işlər həyata keçirilir.
Yazıda qeyd edilir ki, kampaniya çərçivəsində yaradılmış www.justiceforkhojaly.org internet səhifəsində “Dünya liderlərinə Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət kimi tanınması və dünyada ədalətsizliyə qarşı mübarizə” adlı petisiya imzalama kampaniyasında artıq 144 772 nəfər iştirak edərək Xocalıda qətlə yetirilmiş, zorakılıqlara məruz qalmış, əsir götürülmüş, itkin düşmüş günahsız insanların başlarına gətirilənlərə qarşı etirazlarını bildirmişdir.
Vurğulanır ki, müasir dünyanın gözü qarşısında bəşəri dəyərlərə qarşı yönəldilmiş bu hərbi cinayəti törədənlər heç vaxt bağışlana bilməz.