“İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı” – elmi sessiya
Bakı, 23 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan-türkman elmi və ədəbi əlaqələrinin qurulmasında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və azərbaycanlı professor Qəzənfər Paşayevin mühüm rolundan danışıb. Akademik G.Baxşəliyeva rəhbəri olduğu elmi müəssisədə bu sahədə aparılan tədqiqatlardan bəhs edib, türkman alim və ədibləri ilə keçirilən görüşləri xatırladıb.
İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova “Müasir İraq-türkman ədəbiyyatı və onun əsas inkişaf istiqamətləri” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Orta Asiya və Azərbaycandan gələrək İraqda məskunlaşan türkmanlar dilləri ilə yanaşı, ədəbiyyatlarını və mədəniyyətlərini də özləri ilə gətiriblər. İraq-türkman ədəbiyyatı öz inkişaf mərhələsində bir çox şair və yazıçıların yaradıcılığı ilə zənginləşib. Əsas yeri nəzm tutur, nəsr isə xeyli geridə qalır.
Məruzəçi müasir dövr İraq-türkman ədəbiyyatını təmsil edənlər arasında klassik poeziya ənənələrinə bağlı şairlərin olduğu kimi, yeni ədəbi cərəyanları, xüsusilə də sərbəst şeir janrını təmsil edən şairlərin yazıb-yaratdığını qeyd edib.
Sonra Ərəb filologiyası şöbəsinin elmi işçisi Şahanə Şahbazova “İraq mətbuat tarixinə ümumi nəzər” mövzusunda məruzə edib. İraq türkman mətbuatının təsis tarixinin Osmanlı dövləti ilə bağlı olduğunu deyən Ş.Şahbazova Midhət paşanın Bağdadda valiliyi dövründə 1869-cu ildə yaradılmış “əz-Zaura” qəzeti ilə İraq mətbuatının əsasının qoyulduğunu, daha sonra ingilis və ABŞ işğalına məruz qalmış İraqda hakim idarəçiliyin mətbuatın inkişafı tarixində güclü təsirə malik olduğunu qeyd edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.