MƏDƏNİYYƏT
İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib




Bakı, 28 sentyabr, AZƏRTAC
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə İraqın Telafər şəhərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmanlarının tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, ölkələrimiz arasındakı tarixi əlaqələri əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkman və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.
Tədbirin açılış mərasimində ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov və Telafər şəhərinin meri Seyid Qasim Şərifi çıxış edərək Azərbaycan xalqının tarix boyu türkmanlara doğma münasibətlərindən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı və İraq türkmanlarının mənəvi yaxınlığı Füzuli kimi ortaq dühalar yaradıb və bu, Şərq tarixinin qızıl səhifələrində öz əksini tapır.
Qeyd edilib ki, kitabın növbəti təqdimatı yaxın zamanlarda Bakı şəhərində keçiriləcək.
Eyni zamanda, bildirilib ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Azərbaycan və İraq türkmanları ilə mədəni əlaqələrə yönəlik uzunmüddətli layihə çərçivəsində türkman gənclər üçün Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə onlayn kurslar da təşkil olunub və buna görə ABİA-ya təşəkkür edilib.
Təqdimatda İraqın müxtəlif şəhərlərindən elmi və ictimai nümayəndələr də iştirak edib, mövzu üzrə öz fikirlərini bölüşüblər.