İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir
Qahirə, 27 fevral, AZƏRTAC
İraqın “Vasit”, “əl-Hədəs”, “əl-Mustaqbəl” xəbər saytlarında Xocalı qətliamının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, iraqlı tədqiqatçı, Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru doktor Mutəzz Muhy Əbdülhəmidin müəllifi olduğu yazıda erməni silahlılarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər, eləcə də Xocalı qətliamı barədə danışılır.
Yazıda vurğulanır ki, 1992-ci il fevralın 25–26-da Xocalıda baş vermiş qətliam misli görünməmiş faciədir. Bu zaman 613 günahsız insan öldürülüb. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, beynəlxalq humanitar hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına qarşı yönəlmiş ağır cinayətdir.
Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən vaxtilə ermənilər tərəfindən dağıdılmış Xocalı şəhərində yenidənqurma işlər aparılır, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə