İrpendə akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü qeyd edilib VİDEO
İrpen, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Seymur Mərdəliyev Zərifə Əliyevanın zəngin həyat təcrübəsindən danışıb. Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərindən, dövlətimizin İrpenin bərpasına göstərdiyi dəstəkdən danışıb.
İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva isə çıxışında bildirib ki, Zərifə Əliyeva tək Azərbaycanda deyil, həm də Ukraynada sevgi ilə yad edilir.
Daha sonra akademik Zərifə Əliyeva adına 12 saylı “Linqvist” liseyin şagirdləri Azərbaycan dilinə şer və mahnılar səsləndiriblər.
Tədbir çərçivəsində İrpen şəhər meriyası tərəfindən qardaşlaşmış Laçın rayonuna bağışlanan kitablarla tanışlıq olub.
Bundan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin birgə təşəbbüsü ilə akademikin adını daşıyan “Dostluq” parkında ağacəkmə aksiyası keçirilib. Parkın müxtəlif hissələrinə sakura ağacları əkilib.
Buça rayonunun Borodyanka şəhər Şurasının katibi İrina Zaxarçenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna və Azərbaycan, həmişə olduğu kimi, ən yaxşı dostlardır.
“Bu gün də Buça rayonunun İrpen şəhərində görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd edirik. Borodyanka sakinləri də bu tədbirlərə qoşulub. Azərbaycan və Ukrayna dost ölkələrdir. Ölkəmizə göstərdikləri böyük dəstəyə görə Azərbaycan xalqına çox minnətdarıq. Bu, bizim üçün çox vacibdir", - deyə İrina Zaxarçenko əlavə edib.
Tədbirin sonunda iştirakçılar 12 saylı “Linqvist” liseyinə gələrək akademik Zərifə Əliyevanın adını daşıyan muzeydə olublar.