İŞÇİ QRUPUNUN İCLASI BAŞLANMIŞDIR
Ümumi və işçi qruplarının iclasları Macarıstanın Şiofok şəhərində keçirildiyinə görə, “Şiofok konfransı” kimi tanınan Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun indiki iclasında Azərbaycan, Almaniya, Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İsveçrə, Latviya, Macarıstan, Rusiya, Rumıniya, Slovakiya, Sloveniya və Ukraynanın nümayəndələri iştirak edirlər.
Açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin köməkçisi general-leytenant Vahid Əliyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışmış, respublikamızın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını bildirmişlər.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, işğal altındakı ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirildiyi qonaqların diqqətinə çatdırılmışdır.
Bildirilmişdir ki, Ermənistanın işğal etdiyi və beynəlxalq nəzarətin olmadığı ərazilərdən narkotik vasitələrin, psixotrop maddələrin, kütləvi qırğın silahları komponentlərinin qanunsuz dövriyyəsi üçün istifadə olunur. Bu ərazilərdən narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün istifadə edilməsi ABŞ Dövlət Departamentinin hesabatlarında da öz əksini tapmışdır.
Xüsusi vurğulanmışdır ki, Avratlantik strukturlara uğurla inteqrasiya edən Azərbaycan sərhədlərin mühafizəsi işində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir.
Müzakirələrin qapalı keçdiyi tədbirin gündəliyinə konfransın XV ümumi iclasına hazırlıq, işçi qruplarının fəaliyyəti, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı sərhəd qurumlarının vəzifələri və imkanları kimi məsələlər daxildir.