İslamabadda “20 Yanvar - azadlıq əleyhinə cinayət” adlı seminar keçirilib
İslamabad, 19 yanvar, AZƏRTAC
İslamabaddakı Preston Universitetində Qanlı Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “20 Yanvar - azadlıq əleyhinə cinayət” adlı seminar keçirilib.
Tədbirdə Pakistanın sabiq xarici işlər naziri, tanınmış siyasi xadim Abdul Səttar, diplomatlar, tədqiqatçı alimlər, jurnalistlər iştirak ediblər.
Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki şərəfli rolundan danışıb. Qeyd olunub ki, müstəqilliyinə qovuşan Azərbaycan öz inkişaf yolu ilə beynəlxalq aləmdə layiqli yerini tutub.
İslamabad Milli Müdafiə İnstitutunun dosenti Seyf-ur-Rəhman Malik 20 Yanvar faciəsini doğuran tarixi-siyasi şərait haqqında məlumat verib. Bildirilib ki, sovet imperiyası Azərbaycan xalqının istiqlal əzmini qıra bilmədi və nəticədə bu xalq öz müstəqilliyinə qovuşdu.
Ravalpindi Fatima Cinnah Qadınlar Universitetinin müdafiə və diplomatik araşdırmalar kafedrasının müdiri Saima Kayani sovet imperiyasının ermənipərəst mövqeyindən danışıb. Diqqətə çatdırıb ki, müstəqillik ideyaları ilə yaşayan xalq sovet ordusunun əsgərləri qarşısında mətin dayanıb, qorxmadığını sübut edib.
Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Çingiz Qəribli bildirib ki, 20 Yanvar faciəsində iki əsas faktor - Azərbaycan xalqının müstəqillik ideyalarının alovlanması və sovet imperiyasının Ermənistanın təcavüzkar siyasətini dəstəkləməsinə Azərbaycan xalqının etiraz etməsi vəhdət təşkil edib. Nəticədə xalqın iradəsi qalib gəlib, Azərbaycan müstəqilliyinə qovuşub.
Abdul Səttar çıxışında deyib: “Mən Pakistanın SSRİ-də səfiri olduğum zaman bu ölkənin xarici işlər naziri Eduard Şevarnadze SSRİ-nin çökməsinin 3 səbəbini göstərmişdi: Şərqi Avropanın işğalı, Çinlə ziddiyyətlər, Əfqanıstanın işğalı. Mən isə 20 Yanvar faciəsini də SSRİ-nin süqutuna səbəb olan əsas amillərdən biri kimi dəyərləndirirəm”.
Seminar iştirakçıları 20 Yanvar faciəsini əks etdirən videomateriala baxıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad