İsmayıl Zeynalov: Təhlükəsizlik dayanıqlı şəhər inkişafının əsas şərtidir
Bakı, 20 may, AZƏRTAC
Müxtəlif sahələrdə təhlükəsizlik məsələləri təkcə səmərəlilik baxımından deyil, həm də insan həyatı üçün ciddi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı söyləyib.
O bildirib ki, dünyanın müxtəlif ölkələrində baş vermiş ekoloji fəlakətlər, yanğınlar və texnogen qəzalar göstərir ki, təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi sosial və iqtisadi nəticələrə gətirib çıxarır.
"Azərbaycanda texniki və ictimai təhlükəsizlik sahəsində hüquqi baza kifayət qədər genişdir. Həmçinin ölkəmizdə rəqəmsal şəhərsalma modelinə keçid istiqamətində mühüm addımlar atılıb", - deyə İsmayıl Zeynalov deyib.