İsmayıllıda möhtəşəm bayram sevinci
İsmayıllı, 26 may, AZƏRTAC
İsmayıllı rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Mərkəzində təşkil olunan möhtəşəm bayram tədbirində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər, ziyalılar, müharibə və əmək veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində istiqlal tariximizi əks etdirən sərgiyə baxıblar.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar Müəllim Ramiz Baloğlanovun məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda cəmi 23 ay yaşayan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz tarixindəki möhtəşəm xidmətlərindən, bu sahədə ayrı-ayrı ziyalıların, nüfuzlu dövlət xadimlərinin fəaliyyətindən danışılıb. Habelə yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının bugünkü yüksəliş və inkişafından, ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edilib.
Tədbirdə üçrəngli bayrağımıza, Azərbaycana, görkəmli dövlət və siyasi xadim ulu öndər Heydər Əliyevə həsr olunan şeirlərin, mahnıların ifası iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.