İsmayıllıda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
İsmayıllı, 25 iyun, AZƏRTAC
İsmayıllı şəhərindəki Ərəstun Mahmudov küçəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruslan Fuad oğlu Tağıyevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, şəhidin döyüş yoldaşları, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində əvvəlcə Vətən müharibəsi şəhidlərini xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Ruslan Tağıyevin qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Azərbaycan Ordusunun polkovnik-leytenantı Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə İsmayıllıda 3 saylı tam orta məktəbi, 2003-cü ildə isə Ali Hərbi Məktəbi bitirib. Polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib. Noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları şəhidlər xiyabanını ziyarət edib, məzarların üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.