DÜNYA
İspaniya çirkab sularının kifayət qədər təmizlənməməsinə görə ən böyük cərimə ödəyəcək
Madrid, 15 fevral, AZƏRTAC
İspaniya dövləti Avropa İttifaqının 29 il bundan əvvəlki göstərişlərinin pozulmasına görə artıq 32,7 milyon avro ayırıb.
AZƏRTAC xəbər verir ki, bəzi şəhər aqlomerasiyalarında çirkab sularının kifayət qədər təmizlənməməsinə görə 2018-ci ilin iyulunda İspaniya üzərinə cərimə qoyulub. Bu fakt qəti müəyyən edilmiş cərimə və Aİ-nin normalarının pozulduğu bütün dövr ərzində yarımillik cərimələri nəzərdə tutur ki, bu da ölkə tarixində ən böyük sanksiyaya - 32,7 milyon avroya gətirib çıxarıb. Lakin bu hökm çıxarıldığı zaman 379 min insanın yaşadığı 9 aqlomerasiyada hələ də çirkab sularını lazımi surətdə təmizlənmədən axıtmaqda davam ediblər. İspaniya hökuməti 2023-cü ilədək 447 milyon vəsait həcmində 86 təmizləmə işini planlaşdırdığını təsdiq edib. Bu, çoxmilyonlu sanksiyaların tətbiq olunmasından yaxa qurtarmaq məqsədi daşıyır.
Ekoloji pozuntular Avropa Məhkəməsi tərəfindən qoyulmuş sanksiyalara gətirib çıxarır. Bu pozuntular çərçivəsində su ilə bağlı problemlər çox mühüm yer tutur. Hazırda İspaniyaya münasibətdə şəhər sularının təmizlənməsində təminatın pis olması və yaxud mövcud olmaması ilə bağlı 5 Avropa prosesi açılıb.
İspaniya Avropa Məhkəməsi tərəfindən ilk dəfə 2003-cü ildə daxili sulardakı (göllər, çaylar, quyular) pis keyfiyyətə görə 9 milyon avro həcmində cərimələnib.
Ən çox cəzalandırılan ölkə Yunanıstandır. Bu ölkə üzərinə 10 cərimə qoyulub. İspaniya və İtaliya 5 çoxmilyonlu sanksiyalarla ikinci yerdədirlər. Üçüncü yerdə hərəyə 3 cərimə ilə Fransa və Portuqaliya qərarlaşıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid