İSRAİL QIRICI TƏYYARƏLƏRİNİN HÜCUMU NƏTİCƏSİNDƏ SƏRİFƏ ŞƏHƏRCİYİNDƏ 35 DİNC SAKİN HƏLAK OLMUŞDUR
Cənubi Livanda İsrailin hərbi əməliyyatlarının miqyası genişlənir. İyulun 18-də xristian şəhəri Mərcayun atəşə tutulmuşdur. Hasbayyada cənub rayonlarını Qərbi Bəqa ilə birləşdirən körpü dağıdılmışdır. Bölgə Livanın digər vilayətlərindən xeyli dərəcədə təcrid olunmuşdur. İyulun 19-da İsrailin hərbi komandanlığı Livan ərazisində məhdud yerüstü əməliyyatların başlandığını elan etmişdir. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, ölkənin cənub limanı Ən-Nəkuranın həndəvərində İsrailin xüsusi təyinatlı dəstəsi peyda olmuşdur. BMT-nin Livandakı müvəqqəti qüvvələrinin qərargahı orada yerləşir. Xəbər verilir ki, “Hizbullah” yaraqlıları İsrail əsgərləri ilə döyüşə başlamışlar.
Hərbi əməliyyatlar bəşər mədəniyyətinin ən qədim ocaqlarından biri olan Tir şəhərinin nadir abidələri üçün təhlükəlidir. Şəhərin ərazisində YUNESKO tərəfindən mühafizə olunan Roma imperiyası şəhərinin və cıdır meydanının xarabalıqları qalır. Tirin qumsal çimərlikləri turistlərin və livanlıların özlərinin sevimli istirahət yeridir. Lakin ekoloqlar bildirmişlər ki, Tir yaxınlığındakı Ciy, Rmeyla və Zəhranidə olan neft anbarlarına basqınlar üzündən dənizə çoxlu mazut axmışdır.