İSRAİL SƏFİRİ GƏNCƏDƏ İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
Sonra səfir kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Diplomat Gəncəyə səfərinin işgüzar xarakter və respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncənin, eləcə də qərb regionunun sahibkarları ilə İsrailin iş adamları arasında əlaqələr yaradılması məqsədi daşıdığını bildirmişdir.
Jurnalistlərin çoxsaylı suallarına cavab verən səfir qeyd etmişdir ki, İsrail dövləti Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətində iki layihənin həyata keçirilməsinə hazırlıq görür. Həmin layihələrdən biri gələn il Bakıda və Qubada israilli iş adamları ilə yerli sahibkarların görüşü, digəri isə 2006-cı ildə Təl-Əvivdə İsrailin kənd təsərrüfatı və emal sahələrində qazandığı uğurların nümayiş etdirilməsi üçün keçiriləcək biznes forumdur. Mətbuat konfransından sonra diplomat Xanlar və Daskəsən rayonlarına getmiş, tarixi abidələrlə tanış olmuşdur. Günortadan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında səfirin şəxsi təşəbbüsü ilə kompüterdə yığılmış “İsraildə kənd təsərrüfatının inkişafı - hər şey öz əlimizdədir” süjetinin təqdimatı olmuşdur. Səfir süjetə dair açıqlama vermiş və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir. Sonra diplomat Gəncə istilik kombinatında olmuş, bu müəssisə ilə işgüzar əlaqələr yaradılması barədə fikir mübadiləsi aparmışdır. Səfərin ikinci günü səfir Artur Lenk şəhərdə bir neçə işgüzar görüş keçirəcəkdir.