İsrail səhrasında qurdlar kaftarla dostluq edir
Bakı, 18 mart, AZƏRTAC
Amerikalı zooloqlar İsrailin cənubundakı Negev səhrasında müxtəlif növə aid yırtıcı heyvanların qarşılıqlı faydalı əməkdaşlığına dair nadir hadisənin şahidi olublar. Burada zolaqlı kaftar canavar sürüsü ilə birgə şikar axtarır.
AZƏRTAC “Zoology in the Middle East” jurnalına istinadla xəbər verir ki, adətən, zolaqlı kaftarlar tənha həyat tərzi sürür və ova yalnız öz balaları ilə çıxırlar. Qurdlar isə heç vaxt yırtıcı məməlilərlə əməkdaşlıq etmirlər. 1994-cü ildə Negev səhrasının kanyonları arasında güclü seldən sonra eyni yerdə - nəm qum üzərində hər iki heyvanın izinə rast gəlinib. Heyvanların özünün axtarışı nəticə verməyib. Yalnız dörd il sonra, zooloqlar Negev səhrasına qayıtdıqda canavar sürüsünə rast gəliblər. Sürünün içində bir kaftar da olub.
Zooloqlar bu qəribə əməkdaşlığa izah tapmağa çalışıblar. Böyük ehtimalla, sürətli qaçışa malik qurdlar iri heyvanları asanlıqla öldürüb yeyir, şikarın qalıqları isə kaftara qismət olur. Amma kaftar tullantıların qoxusunu daha tez duyur, onları torpağın altından çıxarır, hətta konserv bankasını açmağı bacarır. Deməli, iki yırtıcının ittifaqının səbəbkarı əslində, Negev səhrasını zibilləmiş insanlardır.
Son vaxtlar alimlər tez-tez qeyd edirlər ki, iqlim dəyişiklikləri və digər antropogen proseslərin təsiri ilə heyvanların davranışı güclü şəkildə dəyişir. Məsələn, Şpitsbergen adasındakı ağ ayılar delfin ovlamağı və onların ətini qarın altında ehtiyat kimi saxlamağı öyrəniblər. Suitilər isə balıq və xərçəngkimilər yerinə, daha çox digər dəniz məməlilərini ovlayırlar.