İSRAİLDƏ SEÇKİQABAĞI QALMAQAL
Videoklip Putinin fotoşəklinin göstərilməsi ilə başlanır. Bunun fonunda diktor canfəşanlıqla deyir: “Həmas”a Şərqi Qüdsdə seçkilərdə iştirak etmək hüququ verən Putin deyildir. “Həmas”la danışıqlardan söhbət açan Putinin birinci müavini deyildir. Əlbəttə ki, “Həmas”a 250 milyon şekeli Putin verməmişdir”.
Bundan sonra Putinin şəkli cırılıb atılır və İsrailin Baş naziri vəzifəsinin icraçısı Olmertin fotoşəkli görüntüyə gəlir. Diktor yenidən dillənir: “Həmas”ın ayaqları altına xalçanı Olmert sərmişdir. Putin isə xalçanı ancaq qırmızı rəngə boyamışdır”.
Rusiyanın İsraildəki səfirliyi bundan hiddətlənmiş və səfir Gennadi Tarasov bəyanat vermişdir. Sənəddə deyilir: “Mən bunu düzgün saymıram. Hər şeydən göründüyü kimi, “Likud” seçkilərdən sonra İsrail ilə Rusiya arasında münasibətlərin necə olacağını nəzərə almır. “Likud” bu münasibətlərin yaxşılaşması üçün heç bir iş görmür”.
“Likud”da isə bu vəziyyəti belə şərh etmişlər ki, videoklipdə Olmertin siyasəti tənqid olunur. O, “Həmas”ın seçkilərə qatılması və onlara maliyyə vəsaiti verilməsi kimi hərəkətləri ilə ölkəyə ağır siyasi ziyan vurmuşdur. Biz Prezident Putinə hörmət edirik, amma indiki halda ona etirazımız var, çünki o, İsrailin axırına çıxmağa çağıran terrorçu təşkilatın liderlərini Moskvaya dəvət etmişdir”.