İsrailin sabiq Baş naziri Qubadakı Qırmızı Qəsəbədə olub
Quba, 11 mart, Elxan Yusifli, AZƏRTAC
X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn İsrailin sabiq Baş naziri Ehud Olmert Quba rayonunda olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində qonaqla keçirilən görüşdə rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib.
İsrailin sabiq Baş naziri Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı Qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi “Giləki” və “Altı günbəz” sinaqoqları ilə tanış olub.
Bildirilib ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.