İstanbul Texnik Universiteti BANM ilə əməkdaşlığa maraqlıdır
Bakı, 10 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar, onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman və fitnes zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra E.Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, BANM-də yaradılması nəzərdə tutulan kompüter mühəndisliyi ixtisası üzrə İTU-nun təcrübəsinin öyrənilməsi, birgə akademik proqramların həyata keçirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom, birgə innovasiya layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.
E.Qasımov İstanbul Texnik Universitetinin mühəndislik sahəsindəki çoxillik səmərəli fəaliyyətinin BANM üçün uğurlu təcrübə olacağını bildirib. O, bu baxımdan ikitərəfli əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, gənc ali məktəb olmasına baxmayaraq, BANM mühəndislik sahəsində yüksəkixtisaslı peşəkar kadrlar yetişdirilməsində lider mövqeyini qoruyub saxlayır. Ölkənin ən intellektual potensiallı gəncləri BANM-də təhsil alır.
İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karaca rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə geniş məlumat verərək, 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından, xarici əlaqələrindən, beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən danışıb. O, BANM ilə əlaqələrin genişlənməsinə maraqlı olduğunu qeyd edərək, bu görüşü gələcək əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.
Daha sonra BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. BANM-in Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi ilə İTU arasında “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair müqavilə də imzalanıb.
Qeyd edək ki, sözügedən proqramın məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali məktəbləri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.
Elmar Qasımov Mehmet Karacaya BANM-in “Fəxri qonaq” plaketini təqdim edib.