İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti başa çatıb
İstanbul, 15 aprel, AZƏRTAC
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti aprelin 15-də başa çatıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin bağlanış mərasimində çıxış edib.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə mətbuat konfransı keçiriblər.
Baş katib İstanbul Sammitinin nəticələri, İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyət istiqamətləri, təşkilatın qarşıya qoyduğu vəzifələrdən danışıb.
Sammitin nəticələrini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan İƏT-in strukturunda təkmilləşdirmə işlərinin aparılmasının təşkilatın gələcək fəaliyyəti üçün önəm daşıdığını söyləyib. Qeyd edib ki, qadınlar birliyinin yaradılması bu sahədə əldə olunan böyük nailiyyətdir. Sammitdə müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Türkiyə dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb. Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul