DÜNYA
İstanbulda rəqəmsallaşmanın mediada müəllif hüquqlarına təsiri müzakirə olunacaq
İstanbul, 29 noyabr, Günel Karatepe, AZƏRTAC
Dekabrın 2-də İstanbulda “Xəbərin Müəllif Hüquqları və Mediada Süni İntellekt” mövzusunda II simpozium işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, tədbir “Anadolu” agentliyi və Boğaziçi Universitetinin əməkdaşlığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.
Sahə üzrə peşəkarlar, hüquqşünaslar, alimlər və texnologiya mütəxəssislərinin iştirak edəcəyi simpoziumda medianın rəqəmsallaşması ilə yaranan hüquqi, etik və texnoloji məsələlər müzakirə ediləcək, rəqəmsallaşmanın mediada müəllif hüquqlarına təsiri, süni intellektin xəbərin hazırlanmasında istifadə imkanları və riskləri ətrafında fikir mübadilələri aparılacaq.
Mediada süni intellekt və müəllif hüquqları ilə bağlı məlumat mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq sektora töhfə verməyi hədəfləyən tədbirdə “Avropa İttifaqının rəqəmsal tək bazar direktivinə dair üzv ölkələrin təcrübələri”, “Rəqəmsallaşmanın jurnalistikada yaratdığı müəllif hüquqları pozuntularının aradan qaldırılması üçün Türkiyədə həll axtarışları” və “Xəbər istehsalında süni intellekt-Media-Müəllif hüquqları üçbucağı” mövzularında panel iclaslar keçiriləcək.
Tədbirdə Türkiyə ilə yanaşı dünyanın müxtəlif ölkələrindən sahə üzrə mütəxəssislərin “Rəqəmsal platformadakı iş modellərinin müəllif hüquqlarının ölçüsü”, “DSM direktivinin daxili hüquqa keçirilməsi” Almaniya və İtaliya təcrübələri, “Xəbərin müəllif hüquqları-Türkiyə üçün bir model təklifi”, “Türkiyədə müəllif hüquqları”, “Süni İntellektin yaradıcılıq və müəllif hüquqları üzərindəki gələcəyi-GenAI-in nəticələrinin müəllif hüquqları baxımından” kimi mövzularda məruzələri dinləniləcək.