İstanbulda Xocalı soyqırımı ilə bağlı daha bir anma mərasimi keçirilib
İstanbul, 25 fevral, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə şəhərin Qartal bələdiyyəsi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar birgə anma mərasimi təşkil edib.
Həsən Əli Yücel Mədəniyyət Mərkəzində keçirilən mərasimdə millət vəkilləri, elm və mədəniyyət xadimləri, İstanbulda təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımını əks etdirən film nümayiş olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Həsən Zeynalov, Azərbaycan parlamentinin üzvü Fəzail İbrahimli, Qartal bələdiyyəsinin sədri Altunok Öz, professorlar - Adil Abdullayev və İbrahim Öztekinin çıxışları dinlənilib. Ermənilərin zaman-zaman Azərbaycanda və Türkiyədə törətdikləri ağır cinayətlərdən, erməni terrorizminin xalqlarımıza gətirdiyi bəlalardan söhbət açılıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan işlər erməni millətçilərinin və təcavüzkar Ermənistan dövlətinin xalqlarımıza qarşı həyata keçirdikləri cinayətlərin ifşa edilməsində mühüm rol oynayır.
İştirakçılara “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan vəsaitlər paylanıb.
Mərasim Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul