İstiqlal Muzeyində tədbir - Tarixin canlı şahidləri
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş “Tarixin canlı şahidləri” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir “Böyük Qayıdış” Gənclər Təşkilatı ilə birgə təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gələcək nəslin keçmişinə sadiq, vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı həmin günü unutmamasıdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər Təşkilatları ilə İş” şöbəsinin əməkdaşı Seyfur Hacımuradov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov çıxış edərək gəncləri milli yaddaşa sahib çıxmağa, tarixi unutmamağa çağırıblar. Onlar əmin olduqlarını bildiriblər ki, gənc nəsil 20 Yanvar şəhidlərinin xatirəsinə daim sadiq qalacaq, onların bizə əmanət etdiyi müstəqil Azərbaycanı qoruyacaq və daha da gücləndirəcəkdir.
Tədbir çərçivəsində 20 yanvar faciəsinin canlı şahidləri olan yazıçı-dramaturq, Əməkdar jurnalist Rafiq Səməndərov, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ziyadxan Nəbibəyli və faciə zamanı əzilmiş VAZ-2106 markalı avtomobilin sahibi Nazim Ələkbərov çıxış edərək, həmin gecə yaşadıqları ağrılı və unudulmaz hadisələri tədbirin iştirakçıları ilə bölüşüblər.
Daha sonra tədbirdə Dövlət Uşaq Filarmoniyasının tələbələri musiqi kompozisiyası ilə çıxış ediblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları, “Böyük Qayıdış” GT-nın könüllüləri və digər qonaqlar iştirak ediblər.